Qırğızıstan Prezidenti parlament seçkilərində məcburi iştirak haqqında qanun layihəsini təklif edib

Qırğızıstan Prezidenti Sadır Japarov son parlament seçkilərində bir sıra ciddi çatışmazlıqların üzə çıxdığını bildirib.

"Report" Prezident dəftərxanasına istinadən xəbər verir ki, o bunu parlamentin ilk iclasında bildirib.

Onun sözlərinə görə, bunlardan biri də vətəndaşların seçkilərə marağının olmamasıdır.

"Açıq və şəffaf seçkilə, elektron səsvermə, distant iştirak imkanı təmin etməyimizə baxmayaraq, seçkilərə gələn vətəndaşların sayı aşağı idi", - Sadır Japarov bildirib.

Prezidentin sözlərinə görə, bundan əvvəl keçirilmiş seçkilərə 200 mindən çox insan gəlsə də, bu dəfə seçicilərin fəallığının 70% artacağına dair gözləntilər özünü doğrulmadı. S.Japarov parlamentə seçkilərdə məcburi iştirak haqqında qanun layihəsinin təqdim edilməsini və ya vətəndaşların marağının artırılması üçün alternativ mexanizmlərin axtarılmasını təklif edib.

"Seçkilərə iştirak faizinin artmasından sonra belə normalar zamanla aktuallığını itirirdi, məsələn, Türkiyədə olduğu kimi. Sinqapurda bu cür qanun hələdə qüvvədədir. Orada hər bir vətəndaş seçkilərdə iştirak etməyə məcburdur. Əgər vətəndaş seçkilərdə iştirak etmirsə, o, növbəti seçkilərdə iştirak etmək hüququndan məhrum edilir", - deyə Sadır Japarov vurğulayıb.

Digər xəbərlər