Stubb Oslodakı Ukrayna danışıqlarında real irəliləyiş əldə olunduğunu bildirib - Yenilənib

Avropa, Ukrayna və ABŞ nümayəndələri arasında Osloda keçirilən danışıqlar qısa və uzunmüddətli perspektivdə real irəliləyişə nail olmağa imkan verib.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

"Biz sabah Sankt-Peterburqda təqdim olunacaq bəzi sülh razılaşmalarına nail olduq. Bizim vəzifəmiz müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Hesab edirəm ki, bu gün doğru istiqamətdə bir addım oldu", - o qeyd edib.

Stubbun sözlərinə görə, danışıqlar əsas məsələlər üzərində cəmlənib. Tərəflər hava hücumundan müdafiə, energetika, eləcə də enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qismən atəşkəs məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Finlandiya Prezidenti vurğulayıb ki, texniki səviyyədə danışıqçılar bir-birini başa düşürlər.

Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

Daha sonra danışıqlara Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun qoşulacağı gözlənilir.

Ukrayna nümayəndə heyətinin tərkibində həmçinin Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, onun müavinləri Sergey Kislitsa və Pavel Palisa, eləcə də Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov var.

Digər xəbərlər