Nigeriyada hərbi bazalara hücumların dəf edilməsi zamanı 48 yaraqlı öldürülüb

Nigeriya qoşunları aviasiyanın dəstəyi ilə şimal-şərqdəki Borno və Yobe ştatlarında hərbi mövqelərə yaraqlıların hücumlarını dəf edərək 48 qiyamçını öldürüb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsi məlumat yayıb.

Silahlı qüvvələrin nümayəndəsi, kapitan Məhəmməd Qoni bildirib ki, hərbçilər "Boko Haram" və "İslam Dövləti" (İŞİD) qruplaşmalarının yaraqlılarının Borno ştatının Bitta şəhərinə və Yobe ştatının Buni-Yadi şəhərindəki hərbi məktəbə gecə hücumlarının qarşısını alıblar.

Onun sözlərinə görə, Bittadakı bölmələr aviasiyanın dəstəyi ilə gecə hücumunu dəf edib. Bundan sonra hərbçilər Buni-Yadidəki hərbi məktəbə hücum edən "Qərbi Afrika İslam Dövləti" (ISWAP) yaraqlılarına qarşı əks-hücuma keçiblər. Döyüş toqquşmaları bu gün səhər saatlarına qədər davam edib.

Toqquşmalar nəticəsində bir hərbçi ölüb, daha ikisi isə yaralanıb.

Digər xəbərlər