Niderlandın Vyugt şəhərində məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər.
"Report" xəbər verir ki, bu barədə Niderland Penitensiar Xidmətinin sözçüsü Roksan Beysman məlumat verib.
"Həbsxananın iki əməkdaşı Vught həbsxanasının psixiatriya şöbəsində girov götürülüb. Polis bölmələri hadisə yerindədir və vəziyyəti mümkün qədər tez nəzarətə götürmək üçün əlindən gələni edir", - o deyib.
Roksan Beysman, hadisənin həbsxananın ən təhlükəli məhbusların saxlandığı bölməsində olmadığını təsdiqləyib və əlavə edib ki, girov götürülən işçilərin ailələri hadisə ilə bağlı məlumatlandırılıb.
Regional yayımçı Omroep Brabantın məlumatına görə, hüquq-mühafizə orqanlarından xüsusi təyinatlılar həbsxanaya daxil olub.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi hadisənin "yalnız həbsxana divarları arasında" baş verdiyini və onun perimetrindən kənarda heç bir əməliyyat-axtarış tədbirlərinin aparılmadığını təsdiqləyib.