"Kyodo": Zəlzələdən sonra Yaponiyanın nüvə obyektlərində heç bir fövqəladə vəziyyət baş verməyib

Yaponiyanın şimal-şərqində yerləşən atom elektrik stansiyalarında Aomori prefekturası sahillərində baş verən 6,7 maqnitudalı zəlzələdən sonra hər hansı nasazlıq qeydə alınmayıb.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Operator şirkət "TEPCO" Aomoridəki "Higasidori" və Miyagidəki "Onaqava" AES-lərində nasazlıq olmadığını bildirib. Hər iki stansiya 2011-ci ilin martında "Fukusima-1" AES-dəki qəza səbəbindən dayandırılmışdı. "Onaqava"nın ikinci enerji bloku isə 2024-cü ildə yenidən işə salınıb.

Bundan əlavə, Aomoridəki Rokkaso qəsəbəsində yerləşən nüvə tullantılarının emalı obyektində də nasazlıq qeydə alınmayıb.

6,7 maqnitudalı zəlzələ Yaponiyanın şimal-şərqindəki Aomori prefekturası sahillərində qeydə alınıb. Milli Meteorologiya İdarəsi 1 metr hündürlüyündə sunami təhlükəsi barədə xəbərdarlıq edib. Xəbərdarlıq Miyagi, İvata, Aomori prefekturalarının sahillərinə, həmçinin Hokkaydonun cənub-şərq sahillərinə aiddir.

Digər xəbərlər