Kiyevdə Heydər Əliyevin xatirəsi yad edilib

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ukrayna Müsəlmanları Ruhani İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan anım tədbirində səfirliyin əməkdaşları, diaspor fəalları və Kiyevin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra çıxış edən səfirliyin müşaviri Fərid Babayev Ulu Öndərin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev bütöv İslam aləmi üçün böyük şəxsiyyət olub. Ona görə də Ulu Öndər müsəlman xalqları tərəfindən daim anılır, xatirəsi böyük hörmətlə yad edilir.

Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rustam Qafuri çıxışında Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Ukraynada hər il anım tədbirlərinin keçirildiyini vurğulayıb:

"Bu tədbirlərdə Heydər Əliyevin ruhuna dualar oxuyuruq. Həqiqətən, Heydər Əliyev böyük siyasi lider olub, Azərbaycan xalqını bəlalardan xilas edib. Heydər Əliyev həm də digər müsəlman xalqlarının da dərin hörmətlə yad etdiyi böyük şəxsiyyətdir".

Sonra "Qurani-Kərim"dən ayələr oxunub.

Digər xəbərlər