Partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub.
Bu barədə "Report" "NBC News"a istinadən məlumat verir.
Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.
"El País"in məlumatına görə, Venesuela paytaxtı və ölkənin digər ərazilərində baş verən partlayışlar hərbi obyektlər və hava limanları yaxınlığında eşidilib.
Nəşrin məlumatında deyilir ki, ilkin məlumatlara əsasən, Venesuela paytaxtının cənubunda yerləşən və tamamilə elektrik enerjisiz qalan Karakasın əsas aviabazası olan Fuerte-Tiuna hərbi bazasına bir neçə hava zərbəsi endirilib.
Partlayışlardan bir neçə dəqiqə sonra uzaqda böyük yanğın, onun ardınca isə nəhəng boz tüstü buludu müşahidə olunub.
"El País" qeyd edib ki, Karakasdakı La Karlota aviabazasına və Huqo Çavesin qalıqlarının basdırıldığı Dağ kazarmaları kimi digər hərbi obyektlərə, eləcə də Marakay, La Quayra və mərkəzi sahildəki İquerote hava limanına hücumlar təsdiqlənib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları videolarda şəhər səmasında helikopterlərin uçduğu görünür.
Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.
"Report" xəbər verir ki, bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.
"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.
Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.
"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.
Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.
Venesuelanın paytaxtı Karakasda partlayış səsləri eşidilir.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Bir sıra KİV orqanları şəhərdə azı altı partlayışın qeydə alındığını bildiriblər.
"Reuters" agentliyi qeyd edir ki, Karakasın böyük hərbi baza yaxınlığında yerləşən cənub rayonu işıqsız qalıb.