Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli futbol assosiasiyasında yaranmış qalmaqala görə Argentinanın milli futbol komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.
"Report"un məlumatına görə, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiyanın işi ilə bağlı çərşənbə günü yeni axtarışlar aparılıb. Bu axtarışlar təkcə Argentina futbolunun yüksək vəzifəli şəxsi deyil, həm də onun etibarlı adamı Pablo Toviqinyo və təşkilatın xəzinədar müavini Lusiano Nakislə bağlı aparılan araşdırmanın bir hissəsi olub. Vəzifəli şəxslər əhəmiyyətli sərvət toplamaqda şübhəli bilinirlər.
Məhkəmə Pilar şəhərində mülkə sahiblik məsələsini araşdırır. Mülkiyyətə 10 hektar torpaq sahəsi, helikopter meydançası, at ferması və 50-dən çox köhnə avtomobil daxildir. Əmlaklar, müstəntiqlərin fikrincə, pensiyaçı və fərdi sahibkarın adına rəsmiləşdirilib.
Nəşr hesab edir ki, hökumətin milli federasiyaların işlərinə qarışmasını bəyənməyən FİFA Argentina yığmasını növbəti dünya çempionatında iştirakdan kənarlaşdıra bilər. Mənbənin sözlərinə görə, "hər şey məhkəmələrdədir, çünki siyasətdə manevr üçün yer azdır".
Qəzet iddia edir ki, məhkəmə sistemi bu şəxslərin təqsirli və ya təqsirsiz olub-olmadığını, tutduqları vəzifələrini saxlamağa və ya vəzifələrindən uzaqlaşdırılmağa layiq olub-olmadıqlarını tez bir zamanda müəyyən etməlidir.
Argentina məhkəmə sistemi, həmçinin ölkənin bir neçə klubuna və milli komandaya sponsorluq edən maliyyə şirkəti olan Sur Finanzas-ın mühasibat təcrübələrini də araşdırır. Şirkət mənimsəmədə şübhəli bilinir. Ona Tapiyanın dostu olan iş adamı Ariel Valyexo rəhbərlik edir.