ABŞ tərəfindən Venesuela sahillərində saxlanılan tanker Birləşmiş Ştatların Maliyyə Nazirliyinin qara siyahısında deyil.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, gəmi Panama bayrağı altında üzüb.
Söhbət Venesuela neftini daşıyan "Centuries" adlı tankerdən gedir. Qəzet onun ABŞ Maliyyə Nazirliyinin qara siyahısına daxil edilmədiyini aydınlaşdırıb. Onun yükü Venesueladan Çin neft emalı zavodlarına yanacaq tədarük edən ÇXR neft treyderinə məxsus olub.
Sahil Mühafizə Xidməti saxlanılan gəminin "Centuries" adlandırıldığını təsdiqləyib.
ABŞ Venesuela sahillərində yenidən bir gəmini saxlayıb və müsadirə edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ-nin üç rəsmisinə xəbər verib.
Əməliyyat Sahil Mühafizəsi tərəfindən həyata keçirilib. Agentlik yazıb ki, bu, ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxil olan və ya çıxan bütün sanksiyalı neft tankerlərinin "bloklandığını" elan etməsindən bir neçə gün sonra baş verib.
Mənbələr əlavə təfərrüatları açıqlamayıblar.
Xatırladaq ki, dekabrın birinci yarısında ABŞ Venesuela nefti daşıyan tankeri saxlayıb. Bundan sonra Venesuela tankerləri müşayiət etmək üçün hərbi gəmilər göndərməyə başlayıb.