İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində, Ras əl-Xeymə və Şarja əraziləri yaxınlığında zədələnmiş tankerlərdən böyük həcmdə neftin dənizə axması regionun unikal dəniz ekosistemlərini təhlükə altına salıb.

"Report" xəbər verir ki, bu barədə "Arab News" nəşri məlumat yayıb.

Avropa İttifaqının "Copernicus Sentinel-2" peykinin, eləcə də "Reuters" və "Associated Press" agentliklərinin yaydığı görüntülər və peyk fotoları qəzanın nəticələrini, BƏƏ çimərliklərində aparılan təmizlik işlərini əks etdirir.

Oksford Universiteti, Səudiyyə Ərəbistanındakı Kral Abdulla Elm və Texnologiya Universiteti, eləcə də Əbu-Dabidəki Nyu-York Universitetinin nəzdində fəaliyyət göstərən Mubadala İqlim və Ətraf Mühit Elmləri Ərəb Mərkəzinin bioloqları vəziyyətlə bağlı həyəcan təbili çalıblar.

Mütəxəssislərin sözlərinə görə, Fars körfəzi dayaz, qapalı su hövzəsidir və Hörmüz boğazı vasitəsilə su mübadiləsi məhduddur.

Vəziyyəti ekstremal təbii şərait daha da ağırlaşdırır. Yay aylarında suyun temperaturu 35 dərəcəni ötür, duzluluq yüksək, oksigen səviyyəsi isə aşağı olur. Bu amillər yerli canlıların antropogen çirklənmənin yaratdığı əlavə stresə davam gətirməsini çətinləşdirir.

Regionda mərcan rifləri, dəniz otlaqları, manqrov meşələri, şoranlıqlar və lil sahilləri kimi çoxsaylı unikal ekosistemlər mövcuddur.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) məlumatına görə, neft sızıntısı nəticəsində azı 35 balıq, skat və köpəkbalığı növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib, daha 15 növ isə bu statusa yaxınlaşıb.

Neft manqrov meşələrinə də ciddi zərər vurur. Belə ki, neft ağacların hava köklərini örtərək onların fəaliyyətini pozur və bunun nəticələri onilliklərlə davam edə bilər. Çirklənmə mərcan riflərinə, dəniz quşlarının və tısbağaların çoxalma ərazilərinə də ağır ziyan vurur.

Mütəxəssislərin fikrincə, hərbi əməliyyatlar dayandırılsa belə, regionda uzunmüddətli, mürəkkəb və bahalı təmizləmə əməliyyatına ehtiyac yaranacaq. Neft su axınları və küləklərin təsiri ilə dənizin dibindəki çöküntülərə qarışdığından onun təmizlənməsi olduqca çətinləşir.

Ekoloqlar qorunan ərazilərin müdafiəsi və neftin sahillərə yayılmasının qarşısının alınması üçün təcili tədbirlər görülməsinə çağırırlar.

Digər xəbərlər