Bakı. 31 iyul. REPORT.AZ/ İndoneziyada mindən çox alpinist və turist Rincani vulkanının yamaclarından təxliyyə edilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, milli parkın nümayəndələri ümumilikdə 1090 nəfərin təxliyyə edildiyini bildiriblər.
Vulkanın olduğu Lombok adasındakı parkın rəhbərinin sözlərinə görə, xilasetmə işləri hamı evakuasiya edilənə qədər davam edəcək. O, xilasedicilərin ərazidə axtarış işləri həyata keçirdiyini də deyib.
Rəsmi məlumatlara görə, iyulun 29-da Lombok adasında baş vermiş 6,4 bal gücündəki zəlzələni səbəb olduğu sürüşmə nəticəsində 16 nəfər Rincani vulkanı yaxınlığındakı evlərin dağıntılarının altında qalaraq ölüb, 100-dən çox adam müxtəlif dərəcəli xəsarət alıb. Vulkana doğru dırmanan xarici turistlər də daxil olmaqla, yüzlərlə adam sürüşmədən sonra vulkan yamacında çarəsiz və ətrafdan təcrid olunmuş şəkildə qalıb. Onların təxliyyəsi üzrə işlər iyulun 29-da başlanıb.