ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ-nin Yunanıstandakı keçmiş səfiri Kimberli Gilfoylla bağlı ittihamları araşdırmaq üçün Afinaya gəliblər.
"Report" Yunanıstanın "SKAI" telekanalına istinadən xəbər verir ki, FTB nümayəndələri keçən həftədən bəri Yunanıstanın paytaxtındadırlar.
Xüsusilə təhqiqat lobbiçi Xristos Marafatsosun rolunun, eləcə də onun əlaqələrinin və Yunanıstanın "Aktor" tikinti-energetika qrupu ilə ehtimal edilən razılaşmalarının öyrənilməsinə yönəlib. FTB əməkdaşlarının Yunanıstandakı işinin başa çatma müddəti hələ məlum deyil.
Gilfoylun adı həmçinin konqresdəki demokratların keçirmək niyyətində olduğu ABŞ Prezidenti Donald Tramp administrasiyasının fəaliyyətinin təhqiqatı çərçivəsində də hallanır.
Konqresmen Robert Qarsiya keçmiş səfirə maliyyə və ya digər mənfəətlər əldə etmək üçün onun xidməti mövqeyindən ehtimal edilən istifadəsinə dair bütün sənədləri qoruyub saxlamaq tələbi ilə məktub göndərib.
Məktubda yer alan məlumatlara görə, namizədliyi senat tərəfindən təsdiqlənməzdən əvvəl Gilfoyl sonradan 1 milyon dollara qədər məbləğ əldə etmək perspektivi ilə Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə çıxışın təmin edilməsi müqabilində Respublikaçılar Partiyasının donorlarından birindən guya 100 min dollar istəyib.
Bundan əlavə, demokratlar Gilfoylun sıx əlaqələr saxladığı iki yunan sahibkarı tərəfindən onun səfərlərinin maliyyələşdirilməsi haqqında məlumatı yoxlamaq niyyətindədirlər.
Keçmiş səfirin "Aktor" qrupunun maraqlarını təmsil edən lobbiçi ilə əməkdaşlığı haqqında xəbərlər də konqresmenlərin təhqiqat obyekti ola bilər. Məktubda gətirilən məlumatlara əsasən, Gilfoyl infrastruktur layihələrinin bu şirkətə verilməsi məqsədilə Balkan ölkələrinin hökumətlərinə dəfələrlə təzyiq göstərib.