Almaniya tənzimləyici orqanları kredit təşkilatının daxili sənədlərinin genişmiqyaslı sızması fonunda "Deutsche Bank"la bağlı araşdırmaya başlayıb.
"Report" "Handelsblatt" qəzetinə istinadən xəbər verir ki, bu barədə Hessen federal torpağının məlumatların mühafizəsi üzrə müvəkkili Aleksandr Rossnagel bildirib.
Onun sözlərinə görə, araşdırma çərçivəsində bankın müştərilərin fərdi məlumatlarının məxfiliyini təmin etmək üçün lazımi tədbirlər görüb-görmədiyi müəyyən edilməlidir.
"Hazırda mən "Deutsche Bank"ın mövcud risklərə uyğun müdafiə səviyyəsini təmin etmək üçün müvafiq texniki və təşkilati tədbirlər tətbiq edib-etmədiyini aydınlaşdırıram", - Rossnagel bildirib.
Tənzimləyici həmçinin sızma nəticəsində fərdi məlumatları sızma təhlükəsi altına düşən şəxsləri bankın xəbərdar edib-etmədiyini yoxlamaq niyyətindədir.
Rossnagel əlavə edib ki, araşdırma çərçivəsində artıq "Deutsche Bank"dan əlavə məlumat və sənədlər tələb olunub.