"ABŞ Qara dəniz "Taxıl sazişi"nin yenilənməsi üçün müttəfiqləri ilə müxtəlif təklifləri dəyərləndirir".
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında deyib.
Soçidə Rusiya və Türkiyə prezidentləri arasında baş tutan görüşə dair fikirlərini bölüşən sözçü Türkiyəyə diplomatik səylərə görə təşəkkür edib:
"Biz Qara dəniz "Taxıl sazişi"nin yenidən canlandırılmasını görmək istəyirik. Bunun bərpası üçün fəaliyyətlərini əsirgəməyən BMT və Türkiyəyə xüsusi təşəkkürlərimizi bildirik. Türkiyənin bu sazişin yenidən canlanması üçün diplomatik səyləri əvəzsizdir. Həm BMT, həm də Türkiyə bu sazişin bərpası üçün çox ciddi işləyir və Rusiyanı sazişi yeniləməyə razı salmağa çalışırlar. Qara dəniz "Taxıl sazişi"nin bütün dünyanın qida təhlükəsizliyində olduqca xüsusi yeri var və biz bunun fərqindəyik. Məsələnin həllində öhdəliklərimizi yerinə yetirmək üçün əlimizdən gələni əsirgəmirik".