Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb – YENİLƏNİB 3

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.

Mendes bildirib ki, son saatlarda xilasedicilər sağ qalan insanlar aşkar etməyiblər. Qəzetin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150-ni keçib.

Daha əvvəl Karib ölkəsinin prezidenti Luis Abinader çərşənbə axşamı gecəsi baş vermiş faciə ilə əlaqədar üç günlük milli matəm elan edib. Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.

23:30

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb.

“Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.

19:38

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Diario Libre” qəzeti paytaxtın Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Məlumata görə, 130-dan çox insan xəstəxanaya yerləşdirilib.

İnsidentin səbəbləri hələ də məlum deyil.

18:22

Dominikan Respublikasında “Jet Set” klubunda damın uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Diario Libre” nəşri Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

"Jet Set” gecə klubunda baş verən faciədə 18 nəfər həlak olub və yüzlərlə insan yaralanıb, 121 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib", - qurumdan bildirilib.

Xəbər lenti