Çin Slovakiyanı Aİ ilə münasibətlərin inkişafına kömək etməyə çağırıb

Çin Slovakiyanın Pekinlə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafında konstruktiv rol oynamağa davam edəcəyinə ümid edir.

"Report" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Pekində Slovakiyanın xarici işlər naziri Yuray Blanarla görüşdə bildirib.

"Ümid edirik ki, Slovakiya tərəfi Çin və Aİ münasibətlərinin davamlı inkişafında bundan sonra da konstruktiv rol oynayacaq", - Çinin xarici siyasət idarəsi Van Yinin sözlərini sitat gətirir.

Çinin XİN başçısı vurğulayıb ki, Çin və Aİ tərəfdaşlıq prinsipinə sadiq qalmalı, əməkdaşlıq ruhunu qorumalı və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çalışmalıdır.

Onun sözlərinə görə, tərəflər həmçinin ticarətin liberallaşdırılması və iqtisadi qloballaşma prinsiplərini birgə müdafiə etməlidirlər.

Van Yi Pekinin Bratislava ilə qarşılıqlı etimadı və strateji koordinasiyanı gücləndirməyə, habelə ikitərəfli əməkdaşlıq potensialını tam şəkildə üzə çıxarmağa hazır olduğunu vurğulayıb.

O deyib ki, Çin-Slovakiya münasibətləri səviyyəsinin yüksəldilməsi Pekinlə Avropa arasında əlaqələrin inkişafına, eləcə də dünyada sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Öz növbəsində Blanar bildirib ki, Slovakiya fikir ayrılıqlarının məsləhətləşmələr yolu ilə həllini dəstəkləyərək, proteksionizmə və ticarət müharibələrinə qarşıdır.

O əlavə edib ki, Bratislava bundan sonra da Aİ ilə Çin arasında dialoq və əməkdaşlığın inkişafına kömək etmək niyyətindədir.

Digər xəbərlər