Çexiyanın bir neçə şəhərində ictimai-hüquqi medianın - Çexiya Televiziyası və Çexiya Radiosunun müstəqilliyinə dəstək məqsədilə tələbə aksiyaları keçirilir.
"Report" xəbər verir ki, bu barədə ÇTK informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, etirazlara səbəb hökumət tərəfindən hazırlanmış və dövlət yayımçılarının maliyyələşdirilməsi sisteminin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi olub. Sənəd əhalidən alınan mövcud konsessiya yığımları sistemindən imtina edilməsini və dövlət büdcəsi hesabına maliyyələşməyə keçidi nəzərdə tutur. Oktyabrın 24-də təşəbbüs parlamentdə birinci oxunuşdan keçib.
Nümayişlər Praqa, Brno, Zlin, Ostrava, Olomouts, Pardubitse və Plzendə baş tutub. Tələbələr islahatın əleyhinə çıxış edərək, yeni maliyyələşmə modelinin ictimai-hüquqi medianın müstəqilliyini təhlükə altına ala biləcəyindən ehtiyat edirlər.
Etiraz aksiyaları artıq bir neçə həftədir ki, davam edir. Onları təklif olunan dəyişiklikləri ictimai yayımın müstəqilliyinə təhlükə hesab edən parlament müxalifətinin liberal partiyaları dəstəkləyir.
Öz növbəsində Çexiyanın Baş naziri Andrey Babiş müxalifəti cəmiyyətdə gərginliyi artırmamağa çağırıb. Onun sözlərinə görə, söhbət nə müstəqil media uğrunda mübarizədən, nə demokratiyaya təhlükədən, nə də onların milliləşdirilməsinə hazırlıqdan gedir.