ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına hücum zamanı ABŞ-nin üç "F-35" qırıcısının məhv edilməsi barədə bəyanatını təkzib edib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
"İranın son hücumları zamanı heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib. Bütün raketlər və pilotsuz uçuş aparatları zərərsizləşdirilib və ya hədəfə çatmayıb", - məlumatda deyilir.
Bundan başqa, CENTCOM SEPAH-ın Hörmüz boğazından keçən kommersiya gəmiləri üçün guya təhlükənin olması barədə iddialarını təkzib edərək, əsl təhlükənin elə SEPAH-ın özünün təhdidləri və hücum cəhdlərinin olduğunu bildirib.
ABŞ komandanlığı həmçinin "M/T Nora" kommersiya neft tankerinin guya ABŞ blokadasını yarması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ABŞ Silahlı Qüvvələrinin regionda nəzarəti təmin etməyə davam etdiyini vurğulayıb.
"Kommersiya gəmisi ABŞ-nin blokadasını yarmayıb. 20-dən çox ABŞ hərbi gəmisi, yüzlərlə təyyarə və minlərlə hərbçi sayıqlığını qoruyur və blokadaya riayət olunmasını tam şəkildə təmin etməyə davam edir", - bəyanatda vurğulanır.