Belçika İsveçrəyə həkim briqadası göndərəcək

Belçika İsveçrəyə yanıq üzrə mütəxəssislərdən ibarət briqada göndərəcək və Kran-Montana kurortunda baş vermiş böyük yanğında xəsarət alan yeddi nəfəri öz xəstəxanalarında qəbul edəcək.

"Report"un məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo "X" sosial şəbəkəsində açıqlayıb.

"Belçika Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində İsveçrəyə yanıq üzrə ixtisaslaşmış beş nəfərlik tibbi briqada göndərməyi təklif edib. Belçika həmçinin öz xəstəxanalarında ağır yanıq xəsarətləri alan beş pasienti və orta dərəcəli xəsarətləri olan iki nəfəri qəbul etməyi təklif edib", – deyə o yazıb.

Avropa Komissiyası daha əvvəl Aİ-nin mülki müdafiə mexanizminin aktivləşdirildiyini, üzv ölkələrin bu mexanizm vasitəsilə İsveçrəyə yardım göstərə biləcəyini bildirmişdi.

Yanğın 1 yanvar gecəsi İsveçrənin mərkəzində yerləşən məşhur dağ-xizək kurortu Kran-Montanadakı "Le Constellation" barında baş verib. Nəticədə təxminən 40 nəfər həlak olub, 115 nəfər isə xəsarət alıb. Polis hadisənin terror aktı olmadığını açıqlayıb. Müxtəlif versiyalara görə, yanğının səbəbi bayram şamları və ya fişənglər ola bilər.

Digər xəbərlər