Beynəlxalq Su İdarəetmə İnstitutunun aparıcı elmi işçisi Saymon Lanqanın rəhbərlik etdiyi ekspertlər qrupu 717 milyon Afrika sakininin təmiz suya çıxışdan məhrum olduğunu müəyyən edib.
"Report" xəbər verir ki, işin nəticələri "Nature" elmi jurnalında təqdim edilib.
Tədqiqatçılar 2010 və 2020-ci illər arasında qitənin 49 ölkəsindəki müvafiq milli təşkilatlar və agentliklər tərəfindən toplanmış məlumatları təhlil ediblər. Bu məlumatlardan istifadə edərək Afrika üçün su ehtiyatlarına olan tələbat və istehlakın ətraflı xəritəsi tərtib edilib.
Məlum olub ki, təmiz su kəməri suyuna yalnız 642 milyon afrikalının çıxışı var ki, onların da əksəriyyəti iri şəhərlərin ərazisində yaşayır.
Sonrakı təhlillər göstərib ki, son onillikdə Afrikada suya olan ümumi tələbatın həcmi həm əhalinin sayının artması, həm də sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədar 26 % artaraq 2010-cu ildəki 274 kub km-dən 2020-ci ildə 347 kub km-ə çatıb. Bu su həcminin təxminən 65 %-i sonuncunun payına düşür, ev təsərrüfatları və şəhər infrastrukturu ilə isə tələbatın təqribən 17 %-i bağlıdır.