ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanların əxlaqsızlığa cəlb edilməsində ittiham olunan maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialların bir hissəsinin dərcinə başlayıb.
"Report"un məlumatına görə, sənədlər qurumun saytında yerləşdirilib.
Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Noyabrın 20-də ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş və Ədliyyə Nazirliyini Epşteyn işi üzrə materialları dərc etməyə məcbur edən qanun layihəsini imzaladığını bəyan edib. Bununla yanaşı, "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Tramp administrasiyası ABŞ Konqresinin Senat üzvlərinə Epşteyn işi üzrə materialların dərcinə dair səsverməni gecikdirmək üçün təzyiq göstərib.
Amerikalı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlər dekabrın 19-u cümə günü, Şərq vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da) dərc olunacaq.
"Report" xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Eyni zamanda, baş prokurorun müavini Todd Blenç "Fox News" telekanalına bildirib ki, ABŞ Ədliyyə Nazirliyi 19 dekabrda yalnız sənədlərin birinci hissəsini açıqlamağı planlaşdırır. Qalan fayllar isə "növbəti bir neçə həftə ərzində" ictimaiyyətə təqdim olunacaq.
Ümumilikdə, ABŞ Ədliyyə Nazirliyi maliyyəçi ilə bağlı "bir neçə yüz min" sənədi dərc etməyi nəzərdə tutur.