Şimal bölgəsində parlament seçkiləri seçici fəallığı ilə davam edir.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində seçki hüququ olan vətəndaşlar 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd Seçki Dairələrində 366 məntəqədə səs verirlər.
Bölgədə 6 deputat yeri uğrunda 76 namizəd mübarizə aparır. Bu bölgədə qeydə alınan seçicilərin sayı 283 min nəfərdən çoxdur. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.
52 saylı Seçki Dairəsinin Quba şəhərində yerləşən 1 saylı seçki məntəqəsinə ailəvi gələn İcra Hakimiyyətinin başçısı seçdiyi namizədə səs verib.
51 saylı Qusar seçki dairəsinin 63 məntəqəsinin 10-da vebkamera quraşdırılıb. Yerli müşahidəçilərin sayı 979 nəfərdir.
52 saylı Quba seçki dairəsində mövcud 72 məntəqədə keçirilən seçkiləri izləmək üçün 1400 müşahidəçi qeydiyyatdan keçib. Bu dairə üzrə 10 məntəqədə vebkamera quraşdırılıb. 2 nəfər xarici müşahidəçi (ATƏT) seçkiləri müşahidə edir. Quba Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Milli Məclisə keçirilən seçkilərdə ailəvi olaraq iştirak edib.
53 saylı Quba-Qusar seçki dairəsində 950 nəfər müşahidəçi 76 məntəqədə seçki prosesini izləyəcək. Dairə üzrə quraşdırılan 10 vebkamera vasitəsilə istənilən yerdən müşahidə aparmaq imkanı yaradılıb. Bu dairədə yaşı 100-dən yuxarı olan 5 nəfər var. İlk dəfə səs verəcək vətəndaşların sayı 56 nəfərdir. Daşınan qutu üçün müraciət edənlərin sayı 155 nəfər təşkil edir.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da vebkamera quraşdırılıb və 950 nəfər müşahidəçi qismində qeydiyyatdan keçib.
55 saylı Xaçmaz şəhər seçki dairəsində qeydiyyatdan keçən müşahidəçilərin sayı 584 nəfərdir. Dairə ərazisində 12 məntəqədə veb-kamera var.
56 saylı Xaçmaz kənd seçki dairəsində 44 məntəqə üzrə 720 müşahidəçi qeydiyyata alınıb və 10 məntəqədə vebkamera quraşdırılıb.