Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib

Ali Məhkəmənin həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarının məqsədi əvvəlki məhkəmə baxışında yol verilən hüquqi pozuntuların aradan qaldırmaq və əməlin qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsini təmin etməkdir.

Bu sözləri "Report"a açıqlamasında vəkil Elvin Əliyev Ali Məhkəmənin Cinayət kollegiyasının müvafiq cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını şərh edərkən deyib.

O bildirib ki, körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi üzrə Ali Məhkəmənin müəyyən etdiyi hüquqi pozuntular cinayət əməllərinin düzgün tövsif edilməsi, cinayət məsuliyyətinin subyektinin müəyyənləşdirilməsi və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi baxımından diqqət çəkir:

"İşin maraqlı tərəfi ondan ibarətdir ki, məhkəmə mübahisəsi yalnız tibbi səhlənkarlıq nəticəsində ölümə səbəb olma ilə deyil, həm də rəsmi tibbi sənədə həqiqətə uyğun olmayan məlumatların daxil edilməsi ilə bağlıdır. İşin materiallarına görə, mama-ginekoloq hamilə qadının vəziyyətini düzgün qiymətləndirməməkdə, zəruri müayinələri aparmamaqda və tibbi göstərişlərə baxmayaraq vaxtında cərrahi müdaxiləni təmin etməməkdə ittiham olunub. İttihama əsasən, dölün kəskin hipoksiya vəziyyətində olması təxirəsalınmaz əməliyyat tələb etdiyi halda, müdaxilənin gecikdirilməsi nəticəsində körpə doğuşdan sonra vəfat edib".

Elvin Əliyev deyib ki, həkimin doğuş tarixçəsinə körpənin perinatal mərkəzə daxil olarkən artıq ölü olması barədə həqiqətə uyğun olmayan məlumat daxil etdiyi bildirilib:

"Halbuki iş materiallarında körpənin qəbul zamanı diri olduğunu təsdiqləyən tibbi qeydlər və ekspertiza rəyləri mövcud olub. Birinci instansiya məhkəməsi həkimi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan vəzifə saxtakarlığı və 314.2-ci maddəsi ilə nəzərdə tutulan səhlənkarlıq cinayətləri üzrə təqsirli bilib. Lakin apellyasiya instansiyası həkimin vəzifəli şəxs statusuna malik olmadığını əsas götürərək 313-cü maddə üzrə bəraət vermiş, səhlənkarlıqla bağlı əməli isə Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə tövsif edib".

Onun sözlərinə görə, Ali Məhkəmənin diqqət yetirdiyi əsas məsələlərdən biri rəsmi sənədə yalan məlumat daxil edilməsi əməlinin düzgün hüquqi tövsifi olub:

"Belə ki, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə məsuliyyət üçün şəxsin vəzifəli şəxs olması tələb edilir. Lakin bu statusun olmaması həmin şəxsin hərəkətlərinin başqa cinayət tərkibi baxımından qiymətləndirilməsini istisna etmir. Bu baxımdan, apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin – rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı normanın tətbiqi imkanını da araşdırmalı idi".

Vəkil bildirib ki, digər mühüm məsələ cinayət qanununun geriyə qüvvəsi ilə bağlıdır:

"Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən, əməl törədildiyi vaxt qüvvədə olan qanunla qiymətləndirilməlidir. Sonradan qəbul edilmiş və şəxsin vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi olsa da, bu prinsip əvvəlki dövrdə cinayət hesab edilməyən əmələ görə yeni məsuliyyət yaratmağa imkan vermir. Buna görə də apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 142.4-cü maddəsini tətbiq edərkən həmin normanın hadisənin baş verdiyi dövrə münasibətdə hüquqi qüvvəsini və geriyə tətbiq şərtlərini düzgün araşdırmalı idi. Beləliklə, Ali Məhkəmə hesab edib ki, apellyasiya instansiyası həm rəsmi sənədin saxtalaşdırılması ilə bağlı əməlin alternativ hüquqi tövsifini, həm də cinayət qanununun zamana görə qüvvəsi məsələsini lazımi qaydada qiymətləndirməyib. Bu səbəbdən kassasiya protesti təmin edilib, apellyasiya məhkəməsinin qərarı ləğv olunaraq iş yeni məhkəmə baxışına göndərilib".

O əlavə edib ki, Ali Məhkəmənin qərarı təqsirləndirilən şəxsin təqsirinin qəti müəyyən edilməsi demək deyil:

"Məqsəd əvvəlki məhkəmə baxışında yol verilmiş hüquqi pozuntuların aradan qaldırılması və əməlin qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsinin təmin edilməsidir. Nəticə etibarilə, bu qərar cinayət hüququnda mühüm bir prinsipi bir daha xatırladır: şəxsin müəyyən cinayət tərkibi üzrə xüsusi subyekt əlamətinə malik olmaması onun hərəkətlərinin başqa cinayət-hüquqi norma əsasında qiymətləndirilməsini avtomatik istisna etmir. Eyni zamanda, cinayət qanununun geriyə qüvvəsi yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində tətbiq oluna bilər. Cinayət əməlinin düzgün tövsifi isə faktiki halların, cinayət tərkibinin bütün əlamətlərinin və hadisə zamanı qüvvədə olmuş qanunvericiliyin hərtərəfli araşdırılmasını tələb edir".

Digər xəbərlər