Gənclər Fondunun "Səyyar Gənclər Xidməti" layihəsinin Laçında bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi son dayanacaqları – Zəngilan, Füzuli və Laçın rayonları ilə bu il üzrə fəaliyyətini yekunlaşdırıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, iyun ayından fəaliyyətə başlayan "Səyyar Gənclər Xidməti" layihəsi ölkənin 20 şəhər və rayonunda 8 mindən çox region gəncinə çataraq onların inkişaf imkanlarına çıxışının genişləndirilməsi, potensialının dəstəklənməsi və təşəbbüskar gənclik mühitinin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.

Bağlanış tədbirində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev layihənin gənclərin inkişafı, onların ictimai fəallığının artırılması və dövlətçilik dəyərlərinin təşviqində əhəmiyyətini vurğulayıb. Eyni zamanda Səyyar Gənclər Xidmətinin işğaldan azad edilmiş ərazilərdə gənclərə xidmət göstərməsinin qürurverici hisslər yaşatdığını bölüşüblər.

Qeyd edək ki, 6 ay ərzində xidmət çərçivəsində gənclər üçün mindən çox fəaliyyət təşkil olunub. "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında gənclərin şəxsi və peşəkar inkişafı üçün maarifləndirici sessiyalar və təlimlər, onların yaradıcılıq və intellektual potensialının üzə çıxarılmasına yönələn vörkşoplar, master-klasslar, intellektual oyunlar, viktorinalar, komanda fəaliyyətləri və stolüstü oyunlar həyata keçirilib. Zəngin interaktiv proqram iştirakçıların asudə vaxtının səmərəli təşkilinə, yeni bilik və bacarıqlar qazanmasına şərait yaradıb. Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Digər xəbərlər