Azərbaycan tarixinin yeni konsepsiyaya ehtiyacı var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycan tarixinə dair konsepsiya ilə bağlı vacib məqamlara diqqət çəkib:
"Bu konsepsiyada Azərbaycan adının yaranması və etimologiyası, Azərbaycan xalqının hansı tarixi inkişaf mərhələlərindən keçməsi, Azərbaycan tarixinin necə dövrləşdirilməli olması və bir sıra bu səpkidə məsələlər yer almalı, onlara aydınlıq gətirilməlidir".
K.Şükürov Azərbaycan adının yaranması ilə bağlı irəli sürülən fikirlərə toxunaraq bu məsələ barəsində də əsaslı və yekdil araşdırma aparılmasının vacibliyini vurğulayıb:
"Azərbaycan tarixində uzun illər yanlış konsepsiya olub. Bu çərçivədə sadəcə Stalinin Azərbaycan tarixi barədə iki dəfə yanlış müddəa irəli sürdüyünü qeyd etmək olar. Bu yanlış müddəa bir sıra zərərli yanaşmalara gətirib çıxarıb".
Professor bildirib ki, Azərbaycan dövlətinin əsasını Azərbaycan xalqı təşkil edir:
"Mürəkkəb tarixi mərhələlərdən ibarət olan Azərbaycan tarixinin öyrənilməsi çox çətindir. Azərbaycan tarixini normal şəkildə öyrənmək üçün 70-dən çox dövlətin tarixini bilmək lazımdır. Bu mənada, tariximizin öyrədilməsi və təlqin edilməsi çox həssas şəkildə həyata keçirilməlidir".