Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) ölkə ərazisində qeyri-yaşayış obyektləri üzrə həyata keçirdiyi monitorinqlər nəticəsində insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.
"Report" xəbər verir ki, DYNX-nin həyata keçirdiyi tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
DYNX-nin şöbə rəisi Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, müayinələr nəticəsində yanğın təhlükəsizlik qaydaları tələblərinin pozuntuları faktları aşkar edilib:
"Gördüyünüz kimi, propan qaz balonlarından istifadə aşkarlanmış və həmin balonlar sakinlərə vətəndaşlara xəbərdarlıq olunaraq ətrafa çıxarılıb".
FHN rəsmisi qeyd edib ki, təhlükəsizlik qaydalarının pozulması nəticəsində yanğın və ya partlayış hadisələri baş verərsə, bu, cinayət məsuliyyətinə gətirib çıxara bilər.