DMX: Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb

Miqrasiya sahəsində ümumilikdə 27 xidmət elektronlaşdırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, elektronlaşdırılan xidmətlərə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, yaşama və iş icazələrinin əldə edilməsi, yüksəkixtisaslı miqrant hesab olunması, o cümlədən, vətəndaşlıq məsələləri, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma, miqrasiya orqanlarında qulluğa qəbul və miqrasiya sahəsində informativ xidmətlər daxildir.

Məlumatda həmçinin qeyd olunub ki, sadalanan xidmətlərin tam rəqəmsallaşdırılması ilə bağlı Xidmət tərəfindən mütəmadi təhlillər aparılır:

"Hazırda sözügedən xidmətlərdən olduğu yer üzrə qeydiyyata alınma, iş icazələrinin əldə edilməsi və yüksəkixtisaslı miqrant hesab edilmə ilə bağlı xidmətlər tam rəqəmsallaşdırılaraq müraciətlərin təqdim edilməsindən yekun nəticənin əldə olunmasınadək olan proseslərin fiziki təmas olmadan elektron qaydada həyata keçirilməsi təmin edilir. Həmçinin DMX tərəfindən təqdim edilən bütün dövlət xidmətləri üzrə "Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi" elektron xidməti vasitəsilə müraciət müəllifləri üçün öz müraciətlərinin icra mərhələlərini elektron qaydada izləmək imkanı yaradılmışdır".

Qeyd olunub ki, bununla yanaşı, DMX-nin göstərdiyi elektron xidmətlərin "MyGov" portalı vasitəsilə müraciət edən şəxslərə təqdim edilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası təmin ediib:

"Hazırda xidmətlərin "MyGov" portalı vasitəsilə müraciət edən şəxslərə təqdim edilməsi istiqamətində işlər görülməkdədir. Sadalanan istiqamətlər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda nəzərdə tutulmuş digər tədbirlər üzrə Xidmətin fəaliyyətində rəqəmsallaşmanın sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir".

Qeyd edək ki, ötən ayın 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda yeni çağırışlar, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklər müzakirə edilib.

Digər xəbərlər