Cəlilabad rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər rayon gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Ulu Öndərin gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə başa çatıb.