Bakıda xüsusi körpələr evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xətai rayonundakı 235 nömrəli xüsusi körpələr evi-uşaq bağçasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Qanlı tariximiz” adlı anım tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Uşaq bağçasının müdiri Vəfa Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin dinc əhaliyə, o cümlədən qadın, uşaq və ahıl insanlara qarşı törətdikləri qırğından danışıb.

O bildirib ki, Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir və erməni faşistlərinin bu şəhərin əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur.

V.Məmmədovanın sözlərinə görə, 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 30 il əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını alıb.

Sonra çıxışçılar uşaqların milli ruhda tərbiyə olunması, Vətənə, doğma torpağa sədaqət və məhəbbət hisslərinin gücləndirilməsi istiqamətində bağçada görülən işlərdən danışıb və bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonda Xocalı həqiqətlərini əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub.

Digər xəbərlər