Azər Əmiraslanov: Paytaxtın köçürülməsi rasional hesab edilmir

Bəzi hallarda paytaxtın köçürülməsi ilə əlaqədar fikirlər, təkliflər səsləndirilir, lakin bu, rasional hesab edilmir.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Regional məsələlər komitəsi tərəfindən keçirilən "Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi" mövzusunda konfransda deyib.

Komitə sədrinin fikrincə, paytaxtı dəyişmək əvəzinə, regionların inkişafı üçün mühüm addımlar atılmalıdır.

"Prezident İlham Əliyev də çıxışlarında xüsusi vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasətinin əsas elementlərindən biri regional inkişafdır. Ölkə başçısı prezident seçildiyi ilk illərdə də bu barədə məsələyə toxunaraq, bildirmişdi ki, yeni iş yerlərinin açılması regionlar üçün çox vacib məsələdir: O, 2004-cü ildəki çıxışında qeyd edirdi: "Hələ də paytaxtla rayonlar arasında fərq böyükdür. Məqsədimiz bu fərqi azaltmaqdır. Əlbəttə, buna paytaxtda imkanları azaltmaqla yox, rayonlarda imkanları artırmaqla nail olmalıyıq".

Azər Əmiraslanov diqqətə çatdırıb ki, regional inkişaf üçün maliyyə təminatını H. Əliyevin neft strategiyası yaradıb:

"Regionların inkişafı proqramı ölkəmizdə proqramlı idarəetmənin nümunəsidir. Regional fərqi tamamilə aradan qaldırmaq mümkün deyil. Elə bir ölkə yoxdur ki, regionların bərabər səviyyədə inkişafına nail olsun. Rusiyada, Türkiyədə, Almaniyada, Aİ-da regional fərqlər hələ də qalmaqdadır. Əsas məsələ, regionlar arasında sosial-iqtisadi fərqin tədricən azaldılmasıdır".

O xatırladıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" regionların inkişafını tamamlayan ciddi sənəddir:

"Bununla bərabər, Naxçıvan MR-nın sosial-iqtisadi inkişaf proqramı qəbul olunub, ölkə üzrə regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf etdirilir. Ölkə ərazisində iqtisadi rayonlaşma sahəsində yeniliklər var. İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bütün bunlar regionların inkişafı tədbirlərinin kompleks aparılmasına imkan verir".

Digər xəbərlər