Avqustun 18-də, saat 15:00-da "Səba" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Direktorlar Şurasının 2023-2025-ci illərdəki fəaliyyətinə dair hesabatın və qəbul etdiyi qərarların müzakirə edilməsi, “Səba”nın yeganə təsisçisi olduğu “Qarabağ Taxıl Aqro” MMC-nin nizamnamə kapitalındakı quşçuluq müəsissiəsinə məxsus payların satılması və dividendlərin elan edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.