Bəzi gömrük tənzimləmələri üzrə dəqiqləşdirmələr aparılacaq.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Ümumilikdə, gömrük xətti ilə dövlət büdcəsinin gəlirlər hissəsi formalaşdırılarkən ilk növbədə idxalın həcmi nəzərə alınır: "Çünki, bu, proqnozlaşdırmanın əsasını təşkil edir. Bununla yanaşı, tətbiq olunan tənzimləmələrə və tariflərə də diqqət yetiririk. Məhz idxal həcmi və bu tənzimləmələrin birgə qiymətləndirilməsi nəticəsində gömrük xətti ilə büdcə gəlirlərinin proqnozlaşdırılan məbləği müəyyən olunur.
Beləliklə, biz həm idxalın həcmindən, həm də tətbiq olunan tariflərdən asılıyıq. İdxal həcminin dəyişməsi də bu göstəricilərə təsir edir. Bu nəticənin nə dərəcədə və hansı həcmdə reallaşacağı, əlbəttə ki, həm birbaşa təsir göstərən, həm də kənar amillərdən asılıdır. Hesab edirik ki, hökumət üzvləri olaraq birbaşa təsir edə biləcəyimiz amilləri diqqətlə nəzərdən keçiririk. Bütün tənzimləmə növləri üzrə müvafiq təhlillər və müzakirələr aparılır. Bəli, burada da qeyd olunduğu kimi, bəzi gömrük tənzimləmələri üzrə dəqiqləşdirmələrin aparılmasına ehtiyac var. Lakin ümumilikdə növbəti büdcə ili üçün gömrük xətti ilə gəlirlərin proqnozlaşdırılan məbləği idxalın həcmi və tənzimləmə növləri üzrə aparılan hesablamalar əsasında müəyyən edilir", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, gömrük gəlirlərinin proqnozlaşdırılmasında xarici konyunktura əsas amillərdən biridir: "Ötən il büdcə prosesləri əsasında formalaşdırılmış büdcə qanununa və yaxud onun icrası ilə bağlı qanuna nəzər salsaq, burada müəyyən çətinliklərin olduğunu görərik. Ən azı gömrük xətti ilə proqnozlaşdırılan məbləğdə gəlirlər toplanmadı. Bunun bir çox səbəbləri var. Burada əsas amillərdən biri xarici konyunkturadır. Baş verən proseslər, xarici logistika xətlərində daşımaların həcminin artıb-azalması, daşımaların qiymətləndirilməsi prosedurları, eyni zamanda sığorta məsələləri mühüm rol oynayır. Çünki gömrük gəlirləri təkcə malların faktiki ödənilmiş invoys dəyəri əsasında formalaşmır. Buraya daşınma və sığorta xərcləri də daxildir. Bu sahələr bir-biri ilə birbaşa əlaqəli olmaqla yanaşı, hər birinin özünəməxsus tənzimləmə mexanizmləri var. Eyni zamanda, qlobal iqtisadi proseslər və geosiyasi amillər də bu sahələrə təsir göstərir. Buna görə də göstəricilər dəyişkən xarakter daşıyır və proqnozların yerinə yetirilməsi, əlbəttə ki, real şəraitdən asılıdır. Biz hesab edirik ki, növbəti il üçün səsləndirilən 19 milyard ABŞ dolları dəyərində idxal reallaşmalıdır. Bu baş verərsə, gömrük hesablamaları nəticəsində formalaşan gəlirlər proqnozlaşdırılan səviyyədə olacaq. Amma bir daha qeyd edirəm ki, buna təsir edə biləcək bir çox amil var. Burada əsas məsələ metodologiyanın tətbiq edilməsidir".
Bundan başqa, o əlavə edib ki, güzəşt limitlərinin artırılması və azaldılması məsələləri müzakirə edilir: "Bu və digər güzəştlərdən azad olma, yaxud müəyyən edilmiş limitlərin azaldılması və ya artırılması ilə bağlı müraciətlər daxil olur. Hökumətin aidiyyəti qurumları bu məsələləri müzakirə edir və biz də həmin müzakirələrdə iştirak edirik. Belə müraciətlər daxil olduqda, səsləndirilən fikirlərə daha konkret cavab verə bilirik".