İstanbul şəhərində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İslam İnkişaf Bankının üzv ölkələrinin Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (ADFIMI) arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" ASK-ya istinadən xəbər verir ki, memorandumun məqsədi ASK və ADFIMI arasında sahibkarlığın inkişafı, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və biznes məlumatlarının mübadiləsi üzrə əməkdaşlığın yaradılmasıdır.
Qeyd edək ki, daha öncə bu ilin iyun ayında Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ASK və ADFIMI arasında görüş keçirilmiş, əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilmişdi.
Xatırladaq ki, ADFIMI 1986-cı ildə İordaniyanın Əmman şəhərində keçirilən İslam İnkişaf Bankı (IsDB) İdarə Heyəti Şurasının 11-ci iclasında təsis edilib. 1987-ci ildə İstanbulda keçirilən Baş Assambleya iclasında qərara əsasən, təşkilatın daimi qərargahı Türkiyənin İstanbul şəhərində yerləşdirilib və həmin ildən etibarən beynəlxalq hüquqi statusla fəaliyyətə başlayıb.
ADFIMI-nin əsas məqsədləri üzv ölkələrin inkişaf potensialını dəyərləndirmək, bankçılığın inkişafı sahəsində tədqiqat və metodologiyaları təşviq etmək, insan resurslarının təlimi və inkişafı üçün imkanlar yaratmaq, həmçinin üzvlər arasında əməkdaşlıq və şəbəkələşməni gücləndirməkdir. Assosiasiya kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, mikromaliyyə, maliyyə inklüzivliyi, yaşıl maliyyə və infrastruktur maliyyələşməsi kimi sahələrdə təşəbbüsləri dəstəkləyir.