Azərbaycanın "Qlobal İnnovasiya İndeksi 2026"da əldə etdiyi nəticələr müzakirə olunub

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclasında Azərbaycanın "Qlobal İnnovasiya İndeksi 2026" hesabatında əldə etdiyi nəticələr və növbəti hədəflər müzakirə olunub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, onlayn iclasda dövlət qurumlarının və Komissiyanın aidiyyəti işçi qruplarının nümayəndələri iştirak ediblər.

Bildirilib ki, əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, innovasiya infrastrukturunun inkişafı, institusional mühitin yaxşılaşdırılması və digər istiqamətlərdə görülən işlərin Azərbaycanın Qlobal İnnovasiya İndeksi üzrə mövqeyinin yaxşılaşmasına töhfə verdiyini bildirib. Eyni zamanda, Əlaqələndirmə qrupunun qəbul etdiyi qərarların icrasının və aidiyyəti qurumlar arasında səmərəli əlaqələndirmənin də mühüm rol oynadığı qeyd edilib.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev əldə olunan nəticələrin daha da yaxşılaşdırılması baxımından beynəlxalq sorğuların vaxtında və müəyyən edilmiş tələblərə uyğun cavablandırılmasının əhəmiyyətini qeyd edib.

İclasda hesabatın nəticələri, həmçinin növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Ölkənin indeks üzrə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin işçi qruplarının 2027-ci il üzrə fəaliyyət planlarına daxil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hər il dərc olunan və dünya iqtisadiyyatlarının innovasiya potensialını və nəticələrini qiymətləndirən nüfuzlu beynəlxalq reytinqdir. İndeks innovasiya resursları (institutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və biznesin inkişaf səviyyəsi) və innovasiya nəticələri (elmi-texnoloji və yaradıcı məhsullar) sub-indekslərini təşkil edən 7 blok üzrə qiymətləndirmə aparır.

İndeksin bu il sentyabrın 29-da dərc olunmuş 19-cu nəşrində 139 iqtisadiyyat qiymətləndirilib.

Digər xəbərlər