Agentlik sədri: "Transsərhəd risklərlə mübarizədə MDB ölkələrinin əməkdaşlığı vacibdir"

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MDB ölkələrinə müvafiq Dövlətlərarası Şura çərçivəsində diqqəti rəqəmsal bazarların təhlilinin təkmilləşdirilməsinə və təbii inhisarların tənzimlənməsinə cəmləməyi təklif edir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Elnur Bağırov MDB-nin Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

"Şura çərçivəsində əməkdaşlığın növbəti mərhələsində ölkələrimiz üçün praktiki əhəmiyyət kəsb edən məsələlərə: rəqəmsal bazarların təhlili metodlarının təkmilləşdirilməsinə, infrastrukturun və sosial əhəmiyyətli bazarların, o cümlədən təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi təcrübəsinin mübadiləsinə, həmçinin ayrı-ayrı sektorların rəqəmsallaşdırılması məsələlərinə diqqət yetirilməsi təklif olunur", - o qeyd edib.

Qurumun rəhbəri transsərhəd risklərə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb: "Dövlətlərarası və milli səlahiyyətlər hüdudlarında rəqabət üçün transsərhəd risklər barədə məlumat mübadiləsi də az əhəmiyyət kəsb etmir. Məqsədimiz hər bir ölkənin bazarlarının xüsusiyyətlərini nəzərə alan və praktiki nəticə verən yanaşmalar hazırlamaqdır".

E.Bağırovun fikrincə, qarşıya qoyulan vəzifələrin səmərəli həlli üçün Şura mövcud ekspert-analitik resursları daha sistemli şəkildə cəlb etməlidir: "Bu istiqamətlər üzrə işləmək üçün Şura qərargahın tədqiqatlarından, regional təşkilatların sahəvi ekspertizasından və iştirakçı dövlətlərin antinhisar orqanlarının qanunvericiliyi tətbiq etmə təcrübəsindən daha sistemli şəkildə istifadə etməlidir. Bu, tövsiyələr hazırlayarkən konkret bazar vəziyyətlərinə əsaslanmağa, qurumlarımızın peşəkar imkanlarını gücləndirməyə və yeni çağırışlara vaxtında reaksiya verməyə imkan yaradacaq".

Digər xəbərlər