İlin sonuna qədər Azərbaycan və İtaliya arasında yüksəksəviyyəli dəyirmi masanın keçirilməsi planlaşdırılır.
Bu barədə “Report”a İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi məlumat verib.
“Ölkələrimiz arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir və biz mütəmadi olaraq müxtəlif sektorlar üzrə görüşlər təşkil edirik. Sonuncu dəyirmi masa 2024-cü ilin sentyabrında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun səfəri çərçivəsində Romada keçirilib. Çox güman ki, bu il də analoji tədbiri keçirəcəyik, lakin daha geniş formatda”, - o deyib.
M.Traldinin sözlərinə görə, tərəflər ayrı-ayrı sektorlara və layihələrə həsr olunmuş kiçik dəyirmi masalar da keçirirlər ki, bu da əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Ticarət Palatasının prezidenti cari dövrün birgə müəssisələrin inkişafı üçün xüsusilə əlverişli olduğunu vurğulayıb: “Azərbaycanda açılan perspektivləri görürük, hökumətin iqtisadi zonalarda və digər təşəbbüslərdə tətbiq etdiyi dəstək tədbirlərini yüksək qiymətləndiririk. İtaliyada, xüsusilə texnologiya transferi sahəsində əməkdaşlığa maraq artır. Hazırda kənd təsərrüfatı sahəsində iki layihə, o cümlədən avadanlıq təchizatı üzərində fəal işləyirik. Bundan əlavə, avtomobil və ağır sənaye sahələrində təşəbbüslər inkişaf edir. İmkanlar həqiqətən də çoxdur”.
Onun sözlərinə görə, İtaliya texnologiyalarının Azərbaycanın resursları və investisiyaları ilə birləşdirilə biləcəyi qida sənayesində də əhəmiyyətli potensial açılır.
“Biz uzun müddətdir bu imkanları öyrənirik və indi onların həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Hələlik təfərrüatları açıqlaya bilmərəm, lakin yaxın gələcəkdə İtaliya-Azərbaycan istehsalı ilə bağlı yeni təşəbbüslərin şahidi olacaqsınız”, - o vurğulayıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıqdan danışan M.Traldi regionun İtaliya biznesi üçün prioritet sahələrdən biri olaraq qaldığını qeyd edib.
“Biz işğaldan azad edilmiş ərazilərin bərpası prosesini diqqətlə izləyirik və Azərbaycanın gördüyü işlər barədə beynəlxalq ictimaiyyəti fəal şəkildə məlumatlandırırıq. İtaliya şirkətləri artıq yeni binaların, muzeylərin, məscidlərin layihələndirilməsində və tikintisində iştirak edirlər. Bundan əlavə, enerji layihələri, o cümlədən regionun infrastrukturunun bərpası çərçivəsində əməkdaşlıq davam etdirilir”, - deyə o fikrini yekunlaşdırıb.