Türkiyə və Azərbaycan arasında standartlaşdırma sahəsində əməkdaşlıq aqrar və qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına və ticarətin qarşısındakı texniki maneələrin azaldılmasına xidmət edir.
"Report" xəbər verir ki, Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) İdarə Heyətinin sədri Mahmut Sami Şahin Bakıda keçirilən II Türkiyə-Azərbaycan İnvestisiya Forumu çərçivəsində Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.
Onun sözlərinə görə, aqrar və qida məhsullarında standartların uyğunlaşdırılması təkrar test və sertifikatlaşdırma tələblərini azaldır, sərhədlərdə gecikmələrin qarşısını alır və istehsalçıların xərclərini aşağı salır: "TSE-nin hazırladığı təxminən 9 min standart Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) təqdim olunub və bu standartlar Azərbaycanda adaptasiya edilərək ticarətin asanlaşdırılmasına töhfə verib. Türkiyə-Azərbaycan standartlaşma xətti regional iqtisadi inteqrasiyanın mühüm elementinə çevrilir".