DGK-da Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti ilə görüş keçirilib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevlə  Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo arasında ikitərəfli görüş keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, Komitə sədri Assosiasiyanın bu gün başa çatmış konfransının uğurla keçdiyini və tədbirdə müzakirə edilən məsələlərin, yaradılan əməkdaşlıq əlaqələrinin qlobal ticarət zəncirinin davamlılığının təmin edilməsinə, sürətli və asan şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. O, konfransın gömrük-biznes münasibətlərinin inkişafına, SİO-ların gələcək fəaliyyətinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

Qonaq konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, konfransın beynəlxalq ticarətin inkişafında, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsində, gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Tərəflər konfrans çərçivəsində imzaladıqları Fəaliyyət Planına dair protokol barədə fikir mübadiləsi aparıb, razılaşmanın qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm addım olduğunu bildiriblər.

Digər xəbərlər