Azərbaycan İnvestisiya Holdinqi İtaliyanın aparıcı maliyyə və sənaye qurumları ilə əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar atıb.
"Report" xəbər verir ki, bunu Holdinqin Baş icraçı direktorunun müavini və müvəqqəti icraçısı Dəyanət Sədullayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
"İtaliyanın ən böyük və dövlət investorlarından biri olan "Cassa Depositi e Prestiti" ilə aparılan müzakirələr zamanı Azərbaycanın sənaye sektorunda birgə layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin İtaliyanın aparıcı sənaye şirkətlərindən olan "Webuild Italia" ilə enerji və sənaye avadanlıqlarının istehsalının Azərbaycanda lokallaşdırılması imkanları haqqında da fikir mübadiləsi aparılıb. Soyuq və isti yayma avadanlıqlarının istehsalçısı olan "Mina S.p.A." ilə mövcud alüminium və soyuq yayma avadanlıqlarının təmiri imkanları, yeni soyuq yayma xəttinin quraşdırılması məsələləri də müzakirə olunub. Bu istiqamətdə əsas prioritetlərimiz İtaliyanın texnologiya və istehsal təcrübəsindən istifadə etməklə Azərbaycanda daha yüksək əlavə dəyərə malik məhsulların istehsalını inkişaf etdirməkdir", - deyə o qeyd edib.
O əlavə edib ki, bu təşəbbüslər yalnız Azərbaycan bazarının ehtiyaclarının qarşılanması baxımından deyil, həm də Mərkəzi Asiya və digər regional bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir: "Bu əməkdaşlıq cəhdləri gələcəkdə konkret investisiya layihələrinin, birgə istehsal müəssisələrinin yaradılması və qarşılıqlı faydalı uzunmüddətli tərəfdaşlığa çevrilə bilər. Holdinq olaraq biz İtaliya şirkətləri və institusional investorları ilə əməkdaşlığı daha da genişləndirməyə maraqlıyıq. Xüsusilə sənaye istehsalı, enerji, logistika, texnologiya və digər perspektivli sahələrdə birgə investisiya imkanlarının araşdırılmasını vacib hesab edirik".