Omanın "Suhail Bahwan Group Holding”i ilə Azərbaycanda birgə investisiya layihələrinin icrası müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Omanın "Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələrini ölkəmizdə qarşılamaq xoş oldu. Birgə investisiya layihələri və digər potensial əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu", - nazir qeyd edib.
Oman şirkətinin təmsilçilərinə ölkədə qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturu xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkənin cəlbediciliyini artırır.
Qeyd edək ki, Oman Sultanlığının ən iri holdinqlərindən olan “Suhail Bahwan Group Holding” Körfəz Ölkələri, Şimali Afrika və Cənubi Asiyada fəaliyyət göstərən 30-dan çox şirkətə sahibdir. Holdinq kimya sənayesi, səhiyyə, enerji, logistika, mühəndislik, infrastruktur, informasiya texnologiyaları və telekommunikasiya kimi sektorlarda fəaliyyət göstərir.