Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sayca beşinci iclası bu ilin 6-7 noyabr tarixlərində Sofiya şəhərində keçiriləcək.

Bu barədə “Report”a Bolqarıstanın Energetika Nazirliyindən bildiriblər.

Həmsədrləri Bolqarıstanın energetika naziri Temenujka Petkova və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov olan komissiyanın iclasında enerji, kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, qida sənayesi, İKT və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Bolqarıstan ərazisi ilə üçüncü ölkələrə nəqli məsələsi də gündəmdə olacaq.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası arasında sazişin, Sumqayıt Kimya Sənaye Parkı ilə Bolqarıstan Milli Sənaye Əraziləri Şirkəti arasında anlaşma memorandumunun da imzalanacağı gözlənilir. Bununla yanaşı, noyabrın 7-də komissiyanın iclası çərçivəsində ikitərəfli biznes forumu keçiriləcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34