Rusiyanın kənd təsərrüfatı texnikasının Azərbaycana tədarükündə yaxşı perspektivlər var.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda “Rusiya-Azərbaycan tarla günü” kənd təsərrüfatı texnikasının ixtisaslaşmış sərgisinin açılışında deyib.
“Bu gün biz Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının problemlərini həll etmək üçün Rusiya maşınqayıranlarının imkanlarını nümayiş etdirə, kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərini müzakirə edə, yüksək texnologiyalı Rusiya kənd təsərrüfatı texnikasını Azərbaycan bazarına çıxara biləcəyik. Ölkələrimizin mütəxəssisləri cari və perspektiv layihələrin işlənib hazırlanmasına, aqrar-sənaye kompleksinin ehtiyacları üçün kənd təsərrüfatı texnikasının alınmasında lizinq və maliyyə alətlərindən istifadəyə, Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılması sistemlərinin tətbiqinə xüsusi diqqət yetirirlər”, - M. Boçarnikov qeyd edib.
Səfir bildirib ki, Azərbaycan Rusiya Federasiyası üçün mühüm tərəfdaşdır: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 23 %-dən çox artıb, Rusiyanın Azərbaycana ixracı isə təxminən üçdə bir artıb. Biz Rusiyanın kənd təsərrüfatı texnikasının Azərbaycana tədarükündə yaxşı perspektivlər görürük”.
Səfir onu da vurğulayıb ki, budəfəki sərgidə kənd təsərrüfatı texnikası, ehtiyat hissələri, avadanlıq, texnologiya və materialların istehsalı və satışı üzrə ixtisaslaşmış 14 Rusiya müəssisəsi iştirak edir.