Ölkənin süd məhsullarının istehsalı sahəsindəki əsas problemlər açıqlanıb

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı yüksəlsə də əhalinin bu məhsullara olan təlabatını yerli istehsal hesabına tam şəkildə ödəmək mümkün deyil. 2020-ci ilin göstəricilərinə görə, ölkənin süd və süd məhsullarına olan ehtiyacının 17 %-dən çoxu, yəni 461 min tonu idxal hesabına qarşılanıb.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesdabatında göstərilir ki, il ərzində ölkə ərazisində süd istehsalı 1,6 % artaraq, 2021-ci ilin yanvar-oktyabr aylarında 1 milyon 809 min 331 ton təşkil edib.

Ölkədə hazırda süd məhsulları bazarındakı vəziyyətlə bağlı “Report” Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov ilə danışıb.

Dünya bazarlarında mal-qara üçün verilən yem məhsulları çox bahalaşıb

S.Eyyubovun sözlərinə görə, hazırda ölkə bazarında ciddi süd qıtlığı var: “Süd qıtlığı bu il ərzində müşahidə edilir. Çünki dünya bazarlarında mal-qara üçün verilən yem məhsulları çox bahalaşıb. Buna müvafiq olaraq ölkədə xam südün satış qiyməti artıb. Emalçılar xam südün litrini 0,85-0,90 manata alıb, həm ölkə bazarında, həm də xarici bazarlarda rəqabət apara bilmirlər. Bu fonda emalçıların alış qabiliyyəti azaldığına görə, istehsalçılar, fermerlər məhsullarını çox istehsal edib, ucuz satmaq istəmirlər. Onlar daha az məhsul istehsal edib, baha satmaq istəyirlər. Bu isə bazarda ciddi süd çatışmazlığına səbəb olur. İri fermer təsərrüfatları ənənəvi olaraq məhsullarını iri emalçılara verirdilər. Hazırda bu tendensiya qorunur, ölkədə xam südün litrinin 40 %-ə qədər bahalaşması emalçılara ziyan vurur”.

Süd məhsullarının inkişafı ilə bağlı proqram hazırlanmalıdır

Assosiasiyasının sədri hesab edir ki, dünya bazarlarında yem məhsullarının bahalaşması bir sıra problemlərə səbəb olacaq: “Bu il yem ehtiyatları dünya bazarlarında 30-35 % bahalaşıb. Bununla yanaşı, ölkədə mal-qaranın yem məsələsi ciddi problemdir. Ölkədə daha strateji olan məhsullar əkilib-becerilir. Bir sıra otlaq sahələri əkin yerlərinə verilir. Bu isə fermerlərin idxaldan böyük aslılığına səbəb olur. Yem məsələsinə strateji önəm verilmir. Bu sahəyə dövlət tərəfindən əlavə dəstəklərin verilməsi vacibdir.

Məsələn, dünən piştaxtada 5-6 manata civarında satılan süd məhsulu bu gün 6,20 manata satılır. Bu, alıcılıq qabiliyyətinə ciddi təsir göstərir. Dövlət bu istiqamətdə tədbir görsə, istehsalçıların yemə sərf etdikləri xərc azalarsa, əhalidə alıcılıq qabiliyyəti artar. İkinci məqam isə dövlət tərəfindən süd məhsullarının inkişafı ilə bağlı proqram hazırlanmalıdır. Bu dövlət proqramı 5-10 illik dövrü əhatə etməlidir. Həmçinin, süd məhsullarına tətbiq olunan 18 %-lik əlavə dəyər vergisinin faiz dərəcəsini azaldılması məhsulların piştaxtada qiymətinin enməsinə səbəb ola bilər".

S.Eyyubovun sözlərinə görə, qısa müddət ərzində görülən işlərlə prosesin qarşısını almaq mümkün olmayacaq.

Süd məhsullarının ixracı kəskin azalıb

"Ölkədə süd məhsullarının, kərə yağının qiyməti artıb və bu, istehlaka əsaslı təsir göstərir. Digər bir məqam isə hazırda ölkəyə idxal edilən məhsullarla yerli məhsullar arasında böyük rəqabətin olmasıdır. Yerli istehlakçılar idxal edilən məhsulları daha keyfiyyətli hesab edir. Sözsüz ki, bizim istehsalçıların məhsulları da çox keyfiyyətlidir. Elə yerli emalçılar tanıyıram ki, onlar fermer təsərrüfatlarına daim baş çəkirlər, aldıqları xam südün keyfiyyətinə nəzarət etməyə çalışırlar", - Assosiasiyasının sədri bildirib.

Onun sözlərinə görə, hazırda Belarus və Ukrayna məhsulları ölkə bazarında geniş vüsət alıb.

S. Eyyubov Azərbaycanın süd məhsullarının ixracı ilə bağlı məsələdən danışarkən vurğulayıb ki, bu il ərzində bu sahədədə kəskin azalma müşahidə olunub: "Azərbaycan uzun illər Rusiya bazarına süd məhsullarını ixrac edib. Rusiya süd məhsullarının ixracında əsas bazarımız olub, 3-4 il əvvəl Yaxın Şərq ölkələrinə süd məhsullarımızı az miqdarda ixrac etmişik. Amma sonra bu istiqamətdə tədarük dayanıb. Rusiya bazarına isə Azərbaycan əsasən kərə yağı və pendir ixrac edib. Lakin bu il Rusiyaya bu məhsulların ixracı kəksin azalıb və hətta Azərbaycan bu il kərə yağını Rusiyaya tədarük etməyib. Çünki hazırda Rusiya bazarında bizim məhsullar rəqabətə dözmür. Məhsullarımızın rəqabətqabiliyyətli olmamağının səbəbi hazırda ölkə daxilində süd məhsullarının maya dəyərinin artmasıdır. Hazırda böyük emalçılar xam südün litrini 0,85-0,90 manata alırlar. Belə olan təqdirdə kərə yağını, pendiri Rusiyaya və digər ölkələrə satmaq bir o qədər real görsənmir. Süd məhsullarının maya dəyərinin artması bizim ixraca ciddi zərbə vurur, bu qiymətlərlə isə ixrac mümkün deyil".

Qeyd edək ki, bu ilin 9 ayı ərzində 52,84 milyon ABŞ dolları dəyərində 10,34 min ton kərə yağı idxal edilib. Bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,5 % və 6,7 % azdır. Hesabat dövründə Azərbayan 17 ölkədən kərə yağı alıb. İdxalın ümumi həcminin 49,15 %-i Yeni Zellandiyanın, 20 %-i Ukraynanın, 12 %-i Belarusun payına düşüb. Hesabat dövründə bu ölkələrdən tədarük edilən kərə yağının bir tonun idxal qiyməti ötən ilə nisbətən müvafiq olaraq 2,69 %, 2,64 % artıb və 3,08 % azalıb.

Azərbaycanda son 6 il ərzində kərə yağının ixracı kəskin azalıb. Bu ilin ilk 9 ayında Azərbaycan 15,1 min ABŞ dolları dəyərində 2,97 ton kərə yağı ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı ixracı dəyər ifadəsində 99,12 %, kəmiyyət olaraq – 99,23 % azalıb. Bu 2015-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Bu ilin 9 ayında Azərbaycanın ən əsas ixrac bazarı olan Rusiyaya kərə yağı tədarükü edilməyib. 2016-cı ildən bu yana məhsulumuzun əsas tədarük bazarı davamlı olaraq Rusiya olub. Belə ki, həmin ildə cəmi idxal həcminin 89,8 %-i, 2017-ci ildə - 98,7 %-i, 2018-ci ildə - 94,7 %-i, 2019-cu ildə - 99,6 %-i, 2020-ci ildə - 100 %-i şimal qonşumuzun payına düşüb. 2021-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan bu ölkəyə kərə yağı tədarük edilməyib.

Digər xəbərlər