İki ölkə Azərbaycandan fındıq idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 29,19 milyon ABŞ dolları dəyərində 5 min 036 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 51,5 %, kəmiyyət olaraq – 62,9 % artıb.

Hesabat dövründə İtaliyaya 16,87 milyon ABŞ dolları dəyərində 2 min 707 ton, Rusiyaya 5,93 milyon ABŞ dolları dəyərində 1 min 068 ton, Almaniyaya 4,34 milyon ABŞ dolları dəyərində 673 ton, Qazaxıstana 760,24 min ABŞ dolları dəyərində 301,02 ton, Lüksemburqa 744 min ABŞ dolları dəyərində 120 ton məhsul ixrac edilib.

2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə İtaliyaya tədarük müvafiq olaraq 4,4 dəfə və 4,7 dəfə artıb, Rusiyaya – 24,7 % və 19,4 % azalıb, Almaniyaya – 3,9 % və 7,2 % azalıb, Qazaxıstana – 2,5 dəfə və 3,1 dəfə artıb, Lüksemburqa – 12,7 % və 20 % artıb.

Azərbaycan 5 il 3 aylıq fasilədən sonra Böyük Britaniyaya, 3 ildən sonra İraqa fındıq ixracını bərpa edib. Bu ölkələrə müvafiq olaraq 0,34 min ABŞ dolları dəyərində 0,05 ton və 0,04 min ABŞ dolları dəyərində 0,03 ton məhsul satılıb.

Digər xəbərlər