Gələn həftə Bakıda kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçiriləcək

Mayın 13-16-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri keçiriləcək.

"Report" xəbər verir ki, bunu sərgilərə həsr edilmiş mətbuat konfransında "Caspian Event Organizers" MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə bildirib. 

Onun sözlərinə görə, sərgilərdə 30-dan artıq ölkədən 450 şirkətin iştirakı təsdiq edilib: “Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edəcəklər".

O əlavə edib ki, iştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək: “Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək".

B. Hidayətzadə qeyd edib ki, sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir: “Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olub. Bu il "InterFood Azerbaijan" sərgisi 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3 000-dən çox şirkət və 150 000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusu qazanıb. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesinin inkişafına və bizneslərin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, "InterFood Azerbaijan" sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır".

Digər xəbərlər