Bu ilin yanvar-fevral aylarında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 7,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 milyon ABŞ dolları və ya 65,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.