2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 341,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 10,7 % azdır.
Dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 % azalaraq 59 min hektar təşkil edib.
Tərəvəz bitkilərinin əkin sahəsi ötən ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 7,3 % azalaraq 59,3 min hektara düşüb, bostan bitkilərinin əkin sahəsi isə 15,5 % azalaraq 16,9 min hektar olub. Ölkədə kartofun əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 % azalaraq 49 min hektar təşkil edib. Günəbaxanın əkin sahəsi 2022-ci illə müqayisədə 12,2 % azalaraq 10 min hektar, şəkər çuğundurunun əkin sahəsi illik müqayisədə 10 % azalaraq 4,5 min hektar olub.
Ölkədə pambığın əkin sahəsi ötən illə müqayisədə 9,8 % azalaraq 94 min hektar təşkil edib. Tütün əkin sahələri isə 2022-ci illə müqayisədə 18,1 % artaraq 2,6 min hektar olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında ölkədə 3 milyard 116 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, isə illik müqayisədə 5,2 % çox olub.
Son bir ildə bitkiçilik məhsullarının dəyəri 2022-ci illə müqayisədə 0,9 % artaraq 743,7 milyon manat təşkil edib.
Heyvandarlıq məhsullarının dəyəri isə 3,5 % artaraq 2 milyard 372 milyon manat təşkil edib.