Azərbaycanda heyvan dərisinin daha səmərəli və dəyərli istifadəsi məqsədilə dəri toplama və ilkin emal mərkəzlərinin yaradılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda təmsil etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə ölkə üzrə ixrac edilən iribuynuzlu heyvan dərilərinin sayı 301 min, qoyun dərilərinin sayı isə 403 min ədəd olub: "Bu ixrac müvafiq olaraq 7,3 milyon və 0,5 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Mövcud ixrac həcmi kəsimə gedən iribuynuzlu heyvan dərilərinin cəmi 30–35 %-ni, xırdabuynuzlu heyvan dərilərinin isə 16–18 %-ni əhatə edir".
Nazirin müşaviri əlavə edib ki, dərilərin böyük hissəsinin düzgün mexaniki işlənməməsi, müasir avadanlıqların çatışmazlığı, dəri emalı zavodlarının azlığı, həmçinin dəri və yun emalı sahəsində vergi və kredit mexanizmləri üzrə stimulların yetərli olmaması sektorun əsas problemləri sırasındadır.