Azərbaycanda epidemioloji vəziyyət açıqlanıb

Azərbaycanda epidemioloji vəziyyət açıqlanıb Respublikanın baş epidemioloqu: "Viruslu qripə məhdud sayda dərman təsir etdiyindən, burada sırf mütəxəssis müalicəsi lazımdır"
Sağlamlıq
9 Fevral , 2015 11:10
Azərbaycanda epidemioloji vəziyyət açıqlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ "Hazırda Azərbaycanda həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur. Əhalinin müəyyən qrupu arasında xəstələnmələr var, bu da təbiidir. Çünki bu cür haldan nəinki biz, ümumiyyətlə heç bir ölkə sığortalanmayıb. Bizdə heç bir qorxulu xəstəlik yoxdur və yaxın gələcəkdə də olması gözlənilmir. Təbii ki, havaların soyuq keçməsi orqanizmdə müqaviməti aşağı salır. Ona görə də, hər bir insan çalışdığı qədər özünü soyuqdan qorumalıdır". Bunu "Report"a açıqlamasında Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.

İ.Ağayev qeyd edib ki, qrip virusunun növləri dəyişkəndir: "Ona görə də heç kim zəmanət verə bilməz ki, insanlarda bu gün və ya sabah qripin hansı növlərinə rast gəlinəcək. Xəstəliklərlə bağlı poliklinikalara müraciət edənlər qeydiyyata götürülsə də, xəstələrin 90 faizi həkimə müraciət etmir. Səbəb isə insanların bu xəstəliyə qeyri-ciddi baxmasıdır. Əhali bu xəstəliyə ciddi fikir vermədiyindən, xəstəxanalara müraciət edənlərin də sayı az olur. Demək olar ki, qrip olduqda hamı özü bir vasitə ilə müalicə olunur. Ən çox da türkəçarəyə meyl edirlər. Lakin unutmaq olmaz ki, qripi yaxşı müalicə etməsələr, sonda sətəlcəm ola bilərlər. Belə ki, bədəndəki temperatur 38-dən çox olsa və bunun qarşısı düzgün alınmasa, o zaman bu, sətəlcəmə çevriləcək. Ona görə də xəstəlik ilk hiss olunan anda həkimə müraciət etmək lazımdır. Qeyd edim ki, viruslu qripə məhdud sayda dərman təsir etdiyindən, burada sırf mütəxəssis müalicəsi lazımdır".

Bədəndə hərarət olduqda insanın soyuq vanna qəbul etməsi ilə bağlı səslənən fikirlərin tamamilə yanlış olduğunu deyən mütəxəssis bildirib ki, gələcəkdə bunun fəsadları çox ağır ola bilər. Belə ki, ilk olaraq sətəlcəm, ardınca da həmin insan vərəmə yoluxa bilər.

Baş epidemioloq soyuqdəymədən əziyyət çəkən insanlara məsləhət də verib: "Ev şəraitində soyuqdəymənin ən yaxşı dərmanı zoğal mürəbbəsi ilə çay içməkdir. Bundan başqa, limonun tərkibində C vitamini zəngin olduğuna görə, çayın içərisinə limonu bol atmaq məsləhətdir. Bir stəkan isti südün içərisinə bal qatıb içməkdə məqsədəuyğundur. Eyni zamanda sitrus meyvələrindən də istifadə edilə bilər. Onu da qeyd edim ki, qrip olan zaman mütləq şəkildə maskadan istifadə olunmalı, xəstənin istifadə etdiyi qab-qacaq ayrı tutulmalı, müəyyən vaxt keçənə qədər əgər imkan varsa, ayrı otaqlarda yatızdırılmalıdır. Qrip əleyhinə satılan dərmanların xeyir edəni varsa, içə bilərlər".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ərazisində qripin yoluxma fəallığının yüksək səviyyədə olması barədə xəbərdarlıq edib. Virusun əsas yarımtipi yaşlı adamlar üçün daha təhlükəlidir. Xroniki xəstəliklərdən əziyyət çəkənlər və 6 aylıq körpələrdən tutmuş 5 yaşadək uşaqlar da risk qrupuna daxildirlər. Ekspertlər bildirirlər ki, bu il istifadə olunan vaksin ideal müdafiəni təmin etməsə də, infeksiyalardan qorunmağın ən yaxşı üsuludur. ÜST qrip əlamətləri müşahidə olunan risk qrupuna daxil olan şəxslərə antivirus preparatları təyin etməyi məsləhət görür.

Son xəbərlər

Orphus sistemi