Bakı. 6 may. REPORT.AZ/ İstanbulda yerləşən 71 saylı ABŞ Hərbi Donanmasının iki əsgərinin başına çuval keçirən Türkiyə Gənclər Birliyinin (TGB) 5 üzvünün hər biri 4 min türk lirəsi (təxminə 2060 manat) məbləğində cərimələnib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərarı İstanbul məhkəməsi çıxarıb.
Məlumata görə, hadisə ilə bağlı birliyin 13 üzvü məhkəmə qarşısına çıxarılıb.
Xatırladaq ki, 2014-cü ilin noyabrın 12-də İstanbul şəhərinin Eminönü rayonunda baş verən hadisə zamanı birliyin üzvləri ABŞ-ın iki əsgərinin başına çuval keçirmiş, “Yanke Go Home”, “Məhv olsun Amerika imperializmi” şüarlarını səsləndirərək, həbrçilərin üstünə qırmızı boya atmışdılar.
Qeyd edək ki, 2003-cü ilin iyulun 4-də İraqın Süleymaniyyə şəhərində ABŞ-ın 173-cü Hava Qüvvələrinin əsgərləri Türkiyə xüsusi təyinatlılarının qərargahına basqın edərək, Türkiyənin 3 zabit və 8 baş gizirin başına çuval keçirmişdi. Bu əməli törədənlər indiyədək cəzalandırlmayıb.